Corc Rassel: Bakıya qayıtmağıma şadam

Corc Rassel: Bakıya qayıtmağıma şadam

Ötən il Corc Rassel Formula 2 bazar günü yürüşünün qalibi olub, Robert Kubitsa isə Azərbaycanda ilk dəfə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, baş yürüş mühəndisi Deyv Robson deyib: “Bakı küçələri Formula 1 mövsümünün dördüncü mərhələsinin yürüş trası olacaq. Trasın bir neçə xüsusiyyətləri var: burada bir neçə eniş, mürəkkəb əyləclər və çox uzun düz yol var. Uik-endin əsas hadisələrinin axşam vaxtı keçirilməsini nəzərə alsaq, asfalt tez soyuya bilər ki, bu da yürüşçüləri bəzən qəfil yaxalayır.

Dairənin uzunluğu altı kilometrdən çoxdur. Bu tras Spadan sonra ən uzun ikinci yoldur. Konfiqurasiyaların xüsusiyyətləri komandaları maşınların sazlanması zamanı tam gücü ilə hərəkət etməyə və düz yoldakı sürətlə dar və ikinci sektordakı dolanbac sahələrdəki yavaşlama arasında kompromis tapmağa vadar edir.

Corc bu trasla tanışdır. O, ötən il Formula 2 sprinter yürüşünün qalibi olub. Robert üçün isə bu, yürüşlərə qayıtdıqdan sonra yeni təcrübə olacaq.

Robert Kubitsa qeyd edib ki, mövsümün dördüncü mərhələsi – Bakı yürüşünün vaxtı çatıb. “Bakı bizi gözləyir, ötən il gördüklərimə əsasən deyə bilərəm ki, tras çox mürəkkəbdir, tələbkardır və pilotdan məharət istəyir. Mən orada ilk dəfə çıxış edəcəyəm. Əvvəllər bu cür traslarda şütümək çox xoşuma gəlirdi, ümidvaram ki, indi də həmin hissləri keçirəcəyəm”, -deyə pilot vurğulayıb.

Corc Rassel deyib: “Bakıya getməyi səbirsizliklə gözləyirəm. Deyə bilərəm ki, Azərbaycanda ötənilki uik-end mənim Formula 2-də ən yaxşı çıxışım olub. Biz hər iki yürüşü udmalı idik. Mən şənbə yürüşündə liderlik edirdim, lakin son dairələrdə seyfti-kardan sonra məyusedici insident baş verdi. Növbəti gün mən bunun əvəzini çıxdım və 12-ci yerdən start götürərək ikinci yürüşün qalibi oldum. Mənim bu trasla bağlı əla xatirələrim var. Mən Bakıya qayıtmağıma şadam”.




Fikirlər