Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY

Hakimlər üç körpəni küçəyə atmaq haqqında QƏRAR VERDİLƏR - GİLEY
Könül Quliyeva 4 ildir məhkəmələrdə qanuni hüququnu müdafiə etmək üçün mübarizə aparsa da, hakimlər nəinki onun, heç üç körpəsinin hüquqlarını tanımaq istəmirlər. Belə ki, Könül Quliyevanın həyat yoldaşı Muxtar Məmmədov pulunun gücünə istədiyi kimi “at oynadır”. Bu ailənin dramı dəhşət saçır. 2004-cü ildə dədə-baba qaydası ilə Gənclik metrosunun yaxınlığında yerləşən “Laləndə Şadlıq Sarayı”nda toy edən ailənin hər iki tərəfi təmsil edən yaxın qohumları, doğmaları və qonuş-qonşuları da şahiddirlər ki, cütlük bir-birlərini sevərək toy ediblər. Elə toydan bir ay sonra gənc qızın həyat dramı başlayıb.

Moskva-Bakı yolunda gərdiş edən “bəy”

Könül Quliyevanın anası Yasamal rayonunda əlvan metallar zavodunda sıravi işçi kimi çalışırdı. Onun yaşadığı binada Muxtar Məmmədovun bacısı və elə həmin zavodun işçisi olan Həyat Məmmədova yaşayırdı. Həyat Könülü görüb onu Moskvada yaşayan qardaşı ilə tanış edərək onların evlənməsinə razı sala bilir. 22 yaşlı, ali təhsili olmayan təcrübəsiz Könül Quliyeva Moskvada işləyən Muxtarla doğrudan da bir-birini sevirlər. Adəti üzrə Muxtarın anası və atası Könülgilə elçi gəlir və sonra nişanlanırlar. Nəhayət el qaydası üzrə toy edirlər. Toyla bağlı video kaset və çoxsaylı fotoşəkillər də var. Könül Muxtarın atasıgilin İnqilab küçəsindəki 82 saylı binaya gəlin kimi köçür. Elə Könülün həyat faciəsi bu andan başlayır. Belə ki, toydan əvvəl də, elə sonra da Könül və onun ailəsi, eləcə də Muxtarın atası Hüseyn Məmmədov dəfələrlə Muxtardan tələb edirlər ki, ailə qurulursa, bu rəsmi kəbinlə təsdiq olunmalıdır. Muxtar hər dəfə bildirirdi ki, onun əsas gəlir mənbəyi və dolanışığı Moskvadakı biznesi ilə bağlıdır, ilk öncə orada daimi pasport qeydiyyatına düşməlidir ki, sonra kəbin məsələsini də asanlıqla həll edə bilsin. Sən demə, Muxtar əslində bunu bəhanə kimi uydururmuş. Muxtar toydan bir ay sonra Moskvaya işinin dalınca gedir. O, ayda bir dəfə, ya da 3-4 aydan bir Bakıya gələrək ailəsinə baş çəkməklə “ailə məsuliyyəti”ni nümayiş etdirməklə yetinib. Hər dəfə Könül ona bildirib ki, onu da özü ilə birlikdə Moskvaya aparsın, Muxtara daim həyan olacaq və ailəlikcə birlikdə yaşamaq daha çox uğur qazandırar. Muxtar isə Könülün bu təklifinə hər dəfə rədd cavabı verib. Sonradan Könül elə Muxtarın ailəsinin dilindən eşidib ki, onun Moskvada ailəsi və övladları varmış. Könül isə bunlara inanmır. O, çox sevdiyi Muxtarın ailəsində yaşamaqla həm də onun qoca ata-anası üçün qulluqçuluq edib. Muxtar isə Moskvadakı “işi”ni itirməmək bəhanəsini gətirməklə mövqeyində israrlı olub.
Muxtarın bacısı Lala Məmmədova (evdə onu Tinatin deyə çağırırdılar) hər dəfə Könülə bildirir ki, sən kimsən, qardaşımdan pul istəyirsən, o, özü bilər nə vaxt sənə pul verəcək?

Muxtar aylarla Moskvada yaşadığına görə, həyat yoldaşına ehtiyacları ilə bağlı yardım etməsi vəzifə borcu idi. Günlərin birində, yəni 2005-ci ildə Könül boğaza yığılaraq, anasıgilə köçmək məcburiyyətində qalır. Qışın soyuğunda və sazağında, özü də hamilə ola-ola.

Mədinə dünyaya gəldi və problemlər çözülmədi

2005-ci ildə Könül ilk övladı Mədinəni anasıgildə dünyaya gətirib. Erkən yaşlarından atasını itirən Könül övladının da onun kimi atasız böyüməsini istəmir. Muxtar isə heç nə olmamış kimi, Mədinənin dünyaya gəlişindən sonra, Könülə ayda 100 dollar yardım göndərməklə guya “atalıq borcu”nu yerinə yetirir. Halbuki, həmin pulun böyük hissəsi Könülün kirayə tutduğu evpuluna gedir. Pulsuzluqdan bəzən günlərlə ac qalır. Anası və yaxın qohumları olmasaydı, bəlkə də Könülün acınacaqlı taleyi daha bərbad olardı.
Könül düz iki il beləcə kirayələrdə, qucağında körpə uşaqla yalnızca yaşamağa məcbur olur. O, ümid edir ki, həyatda ilk dəfə sevdiyi və ailə həyatı qurduğu Muxtar bir gün insafa gəlib normal ailə həyatını davam etdirəcək. Hər şey Könülün gözlədiyi kimi də olur. Muxtar günlərin birində Moskvadan geri dönüb, minbir dil tökərək əfv olunmasını diləyir. Beləliklə də qəlbisınıq Könül Muxtarı bağışlayır. Körpə Mədinə isə bilmirdi ki, bu həyatda nələr baş verir.

İkinci övlad Lalanın dramı

2009-cu ildə Könülün ikinci övladı dünyaya gəlir. Muxtarırn ailəsinin təkidi ilə bacısı Lalanın adını qoyurlar bu körpəyə. Həm də Könül və Muxtar arasında barşışıqla yanaşı, ailə İnqilab küçəsindəki əvvəlki mənzilə dönürlər. Könül yenə də israrla Muxtara bildirir ki, artıq ayıbdır, gəl gedək rəsmi kəbin kəsdirək. İki övladımız var, onlardan ayıbdır. Muxtar isə Könülü dinləməyib, hər dəfə müxtəlif bəhanələrlə evdə dava-dalaş salmaqla aranı qatmaqla məşğul olur. Bütün bunlar azmış kimi, Muxtar və onun ailəsi Könülü öz ailəsinin və yaxınlarının xeyir-şərində iştirakdan məhrum edirlər. Yəni onu qoymurlar ki, gedib yaxın qohumlarının tədbirlərində bir insan kimi iştirak edə bilsin.
Bütün bu dramatatik hadisələrdən nə Mədinənin, nə də yenicə dünyaya gəlmiş köpə Lalanın xəbərləri yox idi. Sən demə, qorxulu və dəhşətsaçan dramlar körpə uşaqların bu dünyadan xəbərsiz olduqları dönəmdə baş verir. Onlar böyüdükcə bütün bu ağırlıqları görür və psixoloji sarsıntıları keçirirlər. Bu təbii instintiq insan faciəsinin yazılmamış qanunlarına görə ən dəhşətli şüuraltı təsir vasitəsidir. Övlad dünyaya gəlir və atasının himayəsindən məhrumdur. Özü də ata onu bilə-bilə edirsə, bu əsil fəlakətdir.

Üçüncü övlad Murad dünyaya gəlir və yenə də ailənin üzü gülmür

Muxtar bəlkə də qəlbinin dərinliklərində vicdanı sızıldadığına görə, 2010-cu ildə Heydər Əliyev prospektindəki 78 saylı 4 mərtəbəli binada 3 otaqlı mənzil alır. Sən demə Muxtar bütün bunları görüntü üçün edirmiş. Az sonra mənzili alqı-satqı vasitəsilə yaxın dostu Elmar Rəsulovun adına “oformit” etdirir. Könül bu ərəfədə Muxtara kəbin kəsdirmək və üç övladına sahib çıxmaq kimi tələbləri irəli sürür. Könül hətta Muxtara bildirir ki, əgər övladlarının gerçəkdən onun olduğuna inanmaq istəyirsə, DNK analizindən keçmək lazımdır. Muxtar çox yaxşı başa düşürdü ki, Könül hər sözündə haqlıdır. Ancaq, öz eqoizmi ilə hərəkət etməyi üstün tutur.

Muxtar həmin dönəmdə Moskvadan tez-tez Bakıya cibidolu pulla gəlməyə başlayır. Hər gün sərxoşluq və əyyaşlıq edərək Könülü və övladlarını təhqir etməkdən belə çəkinmir. Artıq 3-cü övladı, Murad dünyaya gəlmişdi. Oğul həsrəti belə, Muxtarın qəlbini yumşaltmadı.
Muxtar sən demə Moskvada qaz vurub, qazan doldurmaqla yanaşı, Bakıda bir neçə mənzil alıb, hətta Səngəçal qəsəbəsində xüsusi sifarişlə özünə villa tikdirib. Uşaqlarınıən ansı Könül isə evsiz idi. Çünki, onun özü və üç uşağı Yasamal rayonundakı “Yeni Yasamal-1, bina 11” ünvanında, yəni anasıgildə qeydiyyatdadırlar. Beləcə, aradan illər ötsə də ailə dramı və gərginlik Muxtarın günahları ucbatından tükənmək bilmir. Ona görə də Könül boşanmaq üçün məhkəmələrə üz tutur.

Hakimlərdən ədalət gözləsə də, “ədalətsiz qərarlar” verildi

Könül Quliyeva Yasamal rayon Məhkəməsinə boşanmaqla bağlı iddia ərizəsi versə də, hakim Sərdar Mehrəliyev “nədənsə” əsas günahkar Muxtar Məmmədovun tərəfini tutur. Beləliklə də üç körpə uşağın evdən bayıra atılmasını “qanun”la rəsmiləşdirir. Könül öz hüququnu müdafiə etmək üçün Nərimanov rayon Məhkəməsinə müraciət edir. Bu dəfə Nərimanov Məhkəməsinin hakimi əvvəlki, yəni Yasamal Məhkməsinin qərarını qüvvədə saxlayır. Könül Quliyeva məcbur olub Apellyasiya Məhkəməsinə üz tutur. Orada da Muxtar Məmmədovun “mənafeyi” qanundan üstün tutulur. Könül Quliyeva bu dəfə Ali Məhkəməyə müraciət edir. Oradakı hakimlər Könül Quliyevanın haqlı şikayətini təmin edirlər. Yenidən məhkəmə işi Nərimanov rayon Məhkəməsində davam etdirilir. Hakim bu dəfə də Könül Quliyevanın üç körpə balası ilə küçəyə atılması barəsində hökm verir. Bütün bunlar azmış kimi məhkəmə icraçıları İmran Cəfərov və Zaur Abdullayev hər gün Könül Quliyevanı təhdid edərək, dərhal mənzili boşaltmasını tələb edirlər. Könül xanım Nərimanov Məhkməsinin qərarından haqlı olduğuna görə kassasiya şikayəti etməsinə baxmayaraq, məhkəmə icraçıları özlərini bilməməzliyə vurmağı daha üstün tuturlar.

Muxtar Məmmədovun böhtan dəyirmanı

Könül Quliyevanın qanunla məhkəmələrə üz tutmasının ardından Muxtar Məmmədov dərhal səxavət kisəsini açaraq, çoxsaylı qondarma vəklilləri ilə məhkəmələrdə minbir fırıldaq ssenarilərini həyata keçirir. Onun İsgəndər adlı vəkili hətta məhkəmə prosesində Könül Quliyevanı təhqid edərək onu “əxlaqsız” və digər aşağılayıcı təhqiramiz sözlərlə təhdid edəndə belə, hakim “susmaq qızıldır” prinsipi ilə hərəkət edib. Halbuki, İsgəndər Qasımov vaxtilə Xətai rayonunda hakim vəzifəsində işləyib və onu fırıldaqçılıq maddəsi ilə işdən qovublar.
Ədalət naminə qeyd etməliyik ki, bu məhkəmələrdə hakimlər sadəcə Könül Quliyevanın aliment tələbini qanunla təmin edib. Ancaq onun mənzillə təmin edilməsi məsələsinə isə göz yumulub. Üç körpə uşağı olan Könül Quliyeva məgər Azərbaycan vətəndaşı deyilmi? Muxtar Məmmədov isə heç nə olmamış kimi övladlarına belə sahib çıxmaqla bağlı heç bir əməli tədbir görmək istəmir. Hətta Könül xanımın övladlarını əlindən alaraq onu analıqdan məhrum etmək üçün bir neçə dəfə təşəbbüslər göstərib. Onun vəkilləri iddia irəli sürərək bildiriblər ki, guya Könül xanım “əxlaqsız”dır, “narkoman”dır və sair. Muxtarın bötan dəyirmanına dəstək verənlər elə öz vəkilləri və məhkəmə hakimlərdir.

11 min manat təklifi nə üçün idi?

Ötən ilin yayında Muxtar Məmmədov vəkilləri vasitəsilə Könül Quliyevanı ələ almaq üçün təşəbbüs irəli sürür. Yəni 11 min manat pul ödəməklə Könül Quliyeva bir daha məhkəmələrə üz tutmayacaq. Təbii olaraq Könül xanım bu təklifdən imtina edib. Çünki, həmin vəsaitlə üç körpəsi üçün adi quş damı belə əldə edə bilməz. Beləcə bir gənc xanımın ailə dramı tükənmək bilmir. Muxtar Məmmədov və məhkəmələrdə ədalətin yanında durmağa and içmiş hakimlərin davranışları əslində cəmiyyətin yaramazlıqları olaraq beləcə davam edir.
Hurriyyet.org




Fikirlər