20 saylı məktəbdə "ispansayağı" pulyığımı... - İDDİA

20 saylı məktəbdə "ispansayağı" pulyığımı... - İDDİA

Bakı şəhərində yerləşən 20 saylı məktəb-liseydən şikayət daxil olub.

Şikayət 3-cü sinif valideynlərindəndir. İddia edilir ki, sinifin valideynləri ilə yaradılmış "votsap qrup"a tez-tez pul yığımı ilə bağlı təkliflər irəli sürülür. Bu təklifləri valideyn komitəsinin sədri göndərir. Daha doğrusu, sinif rəhbərinin göstərişinə əsasən valideyn komitəsinin sədri də qrupdaki valideynlərdən ara-sıra pul yığır. Bu dəfəki "pul yığımı" isə məktəbdə keçiriləcək "İspan günləri" ilə bağlıdır.

Gülməli olsa da, bu, həqiqətdir! Belə ki, şəhərin mərkəzində yerləşən, adlı-sanlı 20 saylı məktəb-liseyin ibtidai sinifləri hələ də hər ay "süpürgə pulu" yığmaqdadır. Bundan başqa, məktəbə, şagirdlərə aid olmayan tədbirlər üçün də "pul yığımı" prosesi gedir.

O ki qaldı İspan günləri ilə bağlı pul yığımına, məsələ ilə əlaqədar əlbəttə ki, ilk öncə məktəbin direktoru Səadət Veysova ilə əlaqə saxlamağa cəhd göstərdik. Lakin direktor bizimlə kontakta girməkdən boyun qaçırdı. Ümumiyyətlə, belə bir ciddi məsələyə məktəbin məsul işçilərindən heç kim münasibət bildirmədi.

Adının "Xanım" olduğunu bildirən katibə şikayətimizi dinlədikdən sonra, "mən direktor və müavinləri ilə danışdım, bizim məktəbimizdə heç kimdən pul yığılmır. Hal-hazırda direktorumuz məşğuldur, yuxarıdadır, dərslərdədir. Valideyn gedib nazirliyə şikayət edə bilər. Səsyazma da ola bilməz. Əminliklə bildiririk ki, bir il beş aydır pul yığımı baş verməyib. Elə bir problem varsa, Bakı şəhər Təhsil İdarəsinə müraciət edilsin", - deməklə vəziyyətdən çıxış yolu göstərdi.

Katibə xanımın məsləhətini səbrlə dinlədik. Halbuki, bu yolu biz də bilirdik. Bununla belə, Bakı Şəhər üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovla əlaqə saxladıq. Vəziyyətdən agah olan Bəşarət müəllim səsyazmaya da qulaq asdıqdan sonra qaydaları bildirdi:

- Sizə müraciət edən valideynlərə deyin, info@baku.edu.gov.az emailinə yazsınlar, zəhmət olmasa. Təhsil İdarəsi tərəfindən münasibət bildirmək üçün bu məsələ araşdırılmalıdır. Araşdırma üçün anonim olmayan müraciət lazımdır. Sorğu kimi isə info@baku.edu.gov.az və ya press@baku.edu.gov.az emailinə yazın, zəhmət olmasa. .

P.S. "Söz vaxtına çəkər", deyiblər... Yaxşı xatirimdədir, elə ötən ilin aprel ayında Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya töhmət verilmişdi.

Xanım direktor işgüzar qaydalara və pedaqoji etikaya riayət etməyərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozmuşdu. Bununla bağlı 20 nömrəli məktəb-liseydə müvafiq araşdırma aparılmış, nəticədə təhsil müəssisəsində məktəb-valideyn-müəllim münasibətlərinə nəzarətin zəif təşkil edildiyi, bir sıra istiqamətlərdə zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülmədiyi məlum olmuşdu. Bütün bunları nəzərə alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın 3 aprel 2018-ci il tarixli əmrinə əsasən, 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdi. Həmçinin, məktəb direktoruna aşkar edilmiş nöqsanların qarşısının alınması istiqamətində tədbirlərin görülməsi və bu barədə BŞTİ-yə məlumat verilməsi tapşırılmışdı.(mediapress.az)




Fikirlər