Abşeronda qonşusunu bıçaqlayan şəxs hərbi xidmətdə olan zaman həbs edilib - TƏFƏRRÜAT

Abşeronda qonşusunu bıçaqlayan şəxs hərbi xidmətdə olan zaman həbs edilib - TƏFƏRRÜAT
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Murad Qocayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O qeyd edib ki, qonşusu Hikmət Əhmədovun köşkə borcu olub: "Köşk sahibi də məndən xahiş etdi ki, bunu Hikmətə söyləyim. Hikmətə deyəndə məni söydü. Biz mübahisə elədik. Onun əlində bıçaq var idi. Qoluna vurub, əlindən saldım. Sonra bıçağı götürüb qaçdım. Hikmət arxamca gəlib məni tutdu, yerə yıxdı. Əlimdə olan bıçağın onun bədəninə necə girdiyini görmədim. Sonra hadisə yerindən çıxıb getdim".

Məhkəmədə elan olunub ki, M.Qocayev qonşusu H.Əhmədova 8 bıçaq zərbəsi endirərək, hadisə yerindən qaçıb. Zərbələrdən 5-i isə ciddi xəsarət hesab edilib.

Bildirilib ki, hadisədən sonra M.Qocayevin barəsində axtarış elan olunub. Lakin olaydan bir neçə gün sonra o, hərbi xidmətə yollanıb.

M.Qocayev söyləyib ki, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə xidmətdə olduğu 4-cü ayında olan zaman onu hüquq-mühafizə orqanları əməkdaşları bıçaqlanma hadisəsinə görə həbs ediblər.

O, törətdiyi əməldən peşman olduğunu bildirib.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında M.Qocayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası matın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelin ayında Abşeron rayonunun Mehdabad qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü M.Qocayev mübahisə zəminində qonşusu Hikmət Əhmədova 8 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən bir neçə ay sonra M.Qocayev həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsədən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.




Fikirlər